gundemkocaeli.net
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Ana Sayfa Gündəm 6.01.2026 56 Görüntüleme

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

 

APA müsahibəni təqdim edir.

 

REAL Televiziyasından Mirşahin Ağayev: Hər vaxtınız xeyir, cənab Prezident. Sizə bugünkü görüşə görə təkcə müsahibədə iştirak edən həmkarlarımız adından deyil, bütün Azərbaycan mediası adından təşəkkürümüzü bildiririk.

 

Prezident İlham Əliyev: Sağ olun!

 

Mirşahin Ağayev: İnanırıq ki, həmişə olduğu kimi, bugünkü görüşdə də səsləndirdiyiniz fikirlər strateji gündəm yaradacaq və Azərbaycan mətbuatına, ictimai mühitə kifayət qədər mövzu verəcək.

 

2025-ci il masadakı nailiyyətlərinə görə, məncə, illərin 8 Noyabrı adlandırıla bilər və zirvə də yəqin ki, avqust ayında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona tarixi səfərinizdir və heç şübhəsiz ki, BMT Baş Assambleyasındakı müraciətinizdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar nəinki Azərbaycan, bütöv region üçün əhəmiyyətlidir. Mən bu baxımdan istərdim ki, həm BMT-nin ali tribunasından dünyaya səslənişiniz barədə danışaq, həm də Amerika Birləşmiş Ştatları ilə imzalanmış sənədlər haqqında. Beləliklə, 8 avqustun Ağ Ev və 21 sentyabrın BMT günləri barədə, buyurun.

 

Prezident İlham Əliyev: Sağ olun. Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır. Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük – həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.

Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi – Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır.

 

Bundan başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir.

 

Dediyim, sadaladığım bu məsələlər işlərin xronologiyasıdır. Bu, ictimaiyyətə açıq olan tərəfdir. Amma, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar.

Azərbaycan Televiziyasından Mümtaz Xəlilzadə: Cənab Prezident, Siz 1992-ci ildə qəbul edilən həmin o ədalətsiz 907-ci düzəliş haqqında danışdınız. Əlbəttə ki, tarixi Amerika səfərinizdən sonra onun növbəti dəfə dondurulması haqqında da qərar qəbul edildi. Mən istərdim, onun birdəfəlik ləğvi perspektivləri haqqında Sizin fikirlərinizi öyrənək. Eyni zamanda, həmin 907-ci düzəlişin yalnız iqtisadi tərəflərini yox, siyasi və strateji tərəflərini də səciyyələndirəsiniz, əhəmiyyəti nöqteyi-nəzərdən.

 

Prezident İlham Əliyev: Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək.

Məsələnin ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.

Onu da deməliyəm ki, onların bir çoxu artıq həyatda deyil, amma həyatda olanlar arasında çox maraqlı adlar da var. Onları siz tapa bilərsiniz, amma bir ad çəkməklə kifayətlənəcəyəm, o da ovaxtkı keçmiş senator, ondan sonra vitse-prezident, ondan sonra Prezident Co Bayden. Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı.

O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, – hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, – Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik.

Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir.

 

İctimai Televiziyadan Murad Hüseynov: Cənab Prezident, Birləşmiş Ştatlarla münasibətlərdən, – artıq toxundunuz, – burada əldə olunan uğurlardan danışdınız. Azərbaycanın xarici siyasəti üçün 2025-ci ildə uğur gətirən digər hadisə və prosesləri xarakterizə etməyinizi xahiş edərdim.

 

Prezident İlham Əliyev: Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.

 

Digər tərəfdən, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır – media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik.

Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Bu ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik. Halbuki hesab edirdik ki, yaratdığımız infrastruktur uzun illər ərzində bizə kifayət edəcək, ancaq görürük ki, yox. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə yüklərdən söhbət getmir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlamışlar. Yəni bu bağlantılar da olacaq – fiber-optik kabelin Xəzərin dibi ilə çəkilməsi və bir çox digər layihələr. Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir.

 

Bir çox xarici səfərlərim olub, səhv etmirəmsə, 20-yə yaxın, bəlkə də çox. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada – Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə – Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.

Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirilmişdir. Yəqin ki, bu il də keçiriləcək. Yəni xarici siyasət istiqamətində yekunlarla bağlı çox danışmaq olar. Bu yaxınlarda xarici işlər naziri mətbuat konfransı keçirmişdir, daha geniş məlumat vermişdir. Mən isə sadəcə olaraq, əsasən vacib hesab etdiyim məqamları işıqlandırmaq istədim.

 

Murad Hüseynov: Daha bir sual verim, Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində Sizin çıxışınızda türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi xüsusilə hiss olundu. Bu, Sizin təklif idi?

 

Prezident İlham Əliyev: Bəli.

 

Murad Hüseynov: Yaşadığımız müasir dünyada bu əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

 

Prezident İlham Əliyev: Bəli, tamamilə haqlısınız. Mən bunu qeyd etdim. Birinci dəfə deyil ki, mən bu Zirvə görüşlərində bu məsələyə toxunuram. Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək.

Ona görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü. Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək.

 

CBC Televiziyasından Elmira Musazadə: Cənab Prezident, CBC rus dilində yayımlanan beynəlxalq kanaldır. İcazənizlə sualımı rus dilində verəcəyəm.

 

Prezident İlham Əliyev: Buyurun.

 

Elmira Musazadə: Cənab Prezident, xarici siyasətdə prioritetlərdən danışarkən, Siz Çin Xalq Respublikasının əhəmiyyətini qeyd etdiniz və həqiqətən də son illərdə bizim ikitərəfli münasibətlərimiz xeyli güclənib. Bu, həm ən yüksək səviyyədə səfərlər, həm də müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, nəqliyyat, logistika və texnologiyalar üzrə razılaşmalarda özünü göstərir. Siz bu razılaşmaların əhəmiyyətini necə qiymətləndirirsiniz və onların Azərbaycanın regional və qlobal proseslərdə roluna təsiri nədən ibarətdir?

 

Prezident İlham Əliyev: Zənnimcə, bizim aramızda imzalanan həmin siyasi sənədlər, – onların sayı isə ikidir və biri haqqında artıq danışmışam, – bu, hərtərəfli strateji tərəfdaşlıqdır, bundan bir il əvvəl isə biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etmişik. Yəni bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənəd imzalanıb, bu, ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib. İstər bizim tərəfimizdən, istərsə də Çin Xalq Respublikası tərəfindən biznes strukturlarına, dövlət strukturlarına əlaqələrimizi maksimum fəallaşdırmaq üzrə ciddi impuls verilib və biz bunu hətta qarşılıqlı səfərlərin, nümayəndələrin, artıq imzalanmış müqavilələrin sayında, o cümlədən investisiyaların nümunəsində də görürük.

 

Biz əmtəə dövriyyəsinin artdığını görürük. O, rekord həddə – 4 milyard dollara çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib. Bu, yəqin ki, bizim hər hansı bir ölkə ilə əmtəə dövriyyəmizdə ən böyük artımdır. Biz imzalanmış investisiya xarakterli müqavilələri görürük, Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib.

 

Artıq indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var.

 

Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik.

Ardı var ……

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com